Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Həqiqətin onomastikası” kitabına əlavə və dəyişikliklərin edilməsi və müxtəlif dillərə tərcümə edilməsi məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, dəyirmi masada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla bildirib ki, “Həqiqətin onomastikası” kitabı Prezident İlham Əliyevin tövsiyyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dillər Universiteti tərəfindən birlikdə çapa hazırlanaraq nəşr edilib: 

“Kitabın ərsəyə gəlməsində xidməti olan hər kəsə bir daha təşəkkür edirəm. Bu kitab Azərbaycanın taleyüklü ideoloji məsələlərindən birini əhatə edir. Cənab Prezidentimiz həmişə deyir ki, bizim Vətənimizin sərhədləri Azərbaycan adları ilə bağlıdır və o sərhədlər bu gün Ermənistan respublikasının qurulduğu məkanda öz yaşamını davam etdirir. Amma hansı ad altında davam etdirir? Bunu biz müəyyənləşdiririk, bu cür kitablar vasitəsi ilə üzə çıxarır, ictimaiyyətə təqdim edirik. Ermənistanda saxtalaşdırılmış yer adlarının bu şəkildə Azərbaycan ictimaiyyətinə təqdim edilməsi son dərəcə mühüm hadisədir. Kitab təkcə Azərbaycan dilində deyil, digər dillərdə də dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Azərbaycan Dillər Universiteti tərəfindən bu işə başlanılıb. Kitab rus, ingilis və fransız dillərinə tərcümə olunur. Qeyd etmək istəyirəm ki, Nazirlər Kabineti bununla maraqlanır, bu işdə bizə yardımçı olacaqlar. İnanırıq ki, dəstək olarsa, gələcəkdə bu kitabın tərcümə olunduğu dillərin sayını artıra biləcəyik. Azərbaycan Dillər Universitetində 20-dən çox dil tədris olunur. Kitabı gələcəkdə koreya, yapon, İndoneziya, alman və başqa dillərə tərcümə etməyi nəzərdə tutmuşuq”.  Qeyd edilib ki, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib. Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Ermənistan Respublikası ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. Kitabın yeni nəşrində saxtalaşdırılmış bu cür adların sayı artırılacaq, yeni xəritələr yeralacaq.

Qeyd edək ki, nəşrin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal  Abdulla, müəlliflər - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz Məmmədov, Milli Məclisin deputatları Musa Qasımlı, Əziz Ələkbərli, Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru Aslan  Bayramov,filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur.