Ermənistanın dövlət rəsmiləri bu gün səhər "Yerablur" hərbi qəbiristanlığını ziyarət edib. 

Unikal.org xəbər verir ki, əvvəlcədən Yerablurdakı jurnalistlərə məhdudiyyətlər tətbiq edilib.  Bir neçə kvadrat metrlik xüsusi bir sahə qırmızı lentlə çərçivələnib, jurnalistlər oraya salınıb. Onların həmin ərazini tərk etməsinə, rəsmilərə yaxınlaşmasına və sual verməsinə icazə verilməyib.

Rəsmi mərasim başlamazdan əvvəl, ölən əsgərlərin bir neçəsinin valideynləri qəbiristanlığın girişinə toplaşaraq, Baş nazir Nikol Paşinyanın övladlarının məzarına yaxınlaşmasına icazə verməyəcəklərini israr ediblər. Daha sonra valideynlər zorla Yerablur bölgəsindən uzaqlaşdırılıb. Təhlükəsizlik işçiləri valideynlərlə "jurnalistlər" arasında da canlı bir divar qurub jurnalistlərin onlara sual verə bilməsinə əngəl olublar. 

Qeyd edək ki, bu gün Ermənistan Qarabağdakı ağır məğlubiyyətin birinci ildönümünə yaxın bir vaxtda müstəqilliyinin 30 illiyini təntənə ilə qeyd etmək istəyir.

Ağarza Elçinoğlu