AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında AR Mədəniyyət Nazirliyinin dəstəyi ilə üçtərəfli görüş keçirilib. Görüşdə institutun və Elmin İnkişafı Fondunun rəhbərliyi və ISESCO-nun nümayəndələri iştirak ediblər.

Unikal.org  xəbər verir ki,  iclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq qonaqlara institutun Azərbaycan elminin inkişafında oynadığı mühüm roldan bəhs edərək yaranma tarixi, aparılan tədqiqatlar, əldə olunan mühüm elmi nailiyyətlər, kadr potensialı, beynəlxalq əməkdaşlıq və s. barədə ətraflı məlumat verib.

Ə.Abbasov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın elmin inkişafına, gənc kadr potensialının artırılmasına, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlıqların qurulmasına mühüm töhfələr verdiyini qeyd edərək İslam ölkələri ilə əməkdaşlığın önəmini vurğulayıb.

Sonra ISESCO-nun Elm və Texnologiyalar üzrə müşaviri Dr. Məhəmməd Şərif ISESCO-nun elm və təhsil sahəsində aparılan siyasətin istiqamətlərini, birgə əməkdaşlıq proqramları, elm və texnologiya sahəsində treninqlər, Azərbaycanın qabaqcıl ali təhsil müəssisələri ilə müştərək layihələr, müasir təhsil imkanlarından yararlanmaq üçün təqaüd proqramları və İSİ ilə gələcək əməkdaşlıq imkanları haqqında danışıb, institutda qonaq olmaqdan məmnunluğunu bildirərək texnologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova Fondun fəaliyyətinin əsas istiqamətləri, qrant layihələri, həmçinin xarici ölkələrin elm və təhsil müəssisələrinin iştirak etdiyi layihələr və əldə olunan nəticələr barədə məlumat verib. Sonra icraçı direktor beynəlxalq əməkdaşlıq çərçivəsində üzv ölkələrlə birgə layihələrin həyata keçirilməsi üçün ISESCO ilə müvafiq əməkdaşlıq sazişinin müzakirə olunmasını təklif edib.

Sonra professor Elçin Əliyev müəssisə ilə əməkdaşlıq çərçivəsində SİNAM şirkəti tərəfindən hazırlanmış və xüsusilə ilk yerli istehsal olan onlayn video-konfrans “MEETADORE”, elektron sənəd dövriyyəsi və təhsilin idarə olunma sistemlərinin ISESCO-ya üzv ölkələrdə tətbiqi məsələlərindən danışıb və müvafiq təkliflər verib.

Sonda akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutu, ISESCO, Elmin İnkişafı Fondu və “SİNAM” şirkəti tərəfindən birgə maliyyələşdirilə bilən elmi-tədqiqat layihələrinin hazırlanmasını, tələb olunan uyğun institut və müəssisələrdə müzakirə olunmasını və müvafiq qərarların qəbul edilməsini təklif edib.