Bakının işğaldan azad olunmasından 103 il ötür. Bu münasibətlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncədə hərbiçilərin yürüşü təşkil edilib. Səhər saat 10:00-dan başlayaraq Gəncənin mərkəzi küçə və prospektlərində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrın müşayiəti ilə hərbi qulluqçuların yürüşü baş tutub.

Gəncə ŞİH-dən Unikal.org-a verilən məlumata görə, yürüşü Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti baçısının birinci müavini Səməd Tomuyev və Aparatın məsul işçiləri, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Millət Vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov, hüquq mühafizə orqanlarının rəhbərləri, o cümlədən şəhər ictimaiyyətinin nümayəndələri və gənclər izləyiblər.

Hərbi qulluqçuların yürüşü alqışlar və şüarlarla müşayət olunub.

Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunda da tədbir baş tutub. Azərbaycan və Türkiyə Respublikalarının dövlət himlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş Konsullu Zeki Öztürk qeyd edib ki, Bakının işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə ucalıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev qeyd edib ki, Azərbacan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub. Tarix boyu qardaşlığımız davam edib və edəcəkdir. İstər bu gün, istərsə də 103 il bundan öncə Türkiyə həmişə ən ağır günlərimizdə bizdən qardaş dəstəyini əsirgəməyib. 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. O vurğulayıb ki, Azərbaycan xalqı hər zaman, türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları xatırlayır, şəhidləri isə hər zaman böyük ehtiramla yad edir.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.