"Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Unikal.org-a Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib. Məlumatda deyilir:

Bu il sentyabrın 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada təşkil olunacaq. Konfransa məqalə və tezislərin qəbulu davam edir. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.

Konfransda:

-  Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;

-   Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

-   Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı istiqamətlərində müzakirələr aparılacaq.