İstiqamət: Fikir,söz və məlumat azadlığının, plüarizmin inkişaf etdirilməsi

Rəşad Məcid: “İnternetin olduğu dövrdə söz və ifadə azadlığının məhdudlaşdırılması absurddur”

“Media cəmiyyətin aynasıdır” deyirlər. Cəmiyyətin güzgüsü hesab olunan medianın fəaliyyəti bütün dünyada çox vacib amil kimi dəyərləndirilir.  Cəmiyyətin inkişafında, demokratik mühitin bərqərar olmasında medianın gücü əvəzsizdir.

22 İyu-l Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Bünövrəsi Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Bəs görəsən, Azərbaycanda fikir, söz  və məlumat azadlığının təmin olunması necə qiymətləndirilir? Mətbuatın inkişafı üçün hansı addımların atılmasına zərurət var?

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid deyir ki, ölkəmizdə fikir, söz və məlumat azadlığının olmadığını söyləmək düzgün olmaz. Baş redaktor bu gün ölkəmizdə sosial medianın, yutubun fəaliyyətini fikir, söz və məlumat azadlığının təmin olunduğunun bir sübutu kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkə vətəndaşları, eləcə də jurnalistlər öz fikirlərini yazamaqda sərbəstdirlər. O, bildirir ki, mətbuatda senzuradan söhbət gedə bilməz. Həmsöhbətimiz bu gün hər hansı jurnalistə yaradıcılıq baxımından qadağa qoyulmadığını,maneələrin olmadığını söyləyir: “İnternetin olduğu dövrdə söz və ifadə azadlığının məhdudlaşdırılması absurddur”deyə baş redaktor bildirir.

O ki, qaldı medianın inkişafına, R. Məcidin sözlərinə görə, Azərbaycanda medianın inkişafı dövlətin diqqətindədir. Baş redaktor bildirir ki, hazırda “Media haqqında” qanun layihəsi üzərində iş yekunlaşmaq üzrədir. R. Məcid bu qanun layihəsinin jurnalistikanın inkişafı baxımından da əhəmiyyətli olduğunu söyləyir. Onun sözlərinə görə, qanun layihəsində bir sıra vacib amillər nəzərdə tutulub. Onlardan biri də jurnalist adını daşıyacaq şəxslərin müəyyənləşdirilməsidir: “Sosial medianın olduğu dövrdə jurnalist adını kimlərin daşıdığını müəyyənləşdirmək çox vacibdir. Çünki, indi jurnalist adına iddia edənlər çoxdur. Həddindən artıq xaotik bir vəziyyət yaranıb. Neçə ildir ki, bu müzakirələr gedirdi. Ona görə də Azərbaycan prezidenti “Media haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı sərəncam imzaladı. Həmçinin prezidentin sərəncamı ilə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı.

Hazırda Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” qanun layihəsinin hazırlanması istiqamətində iş aparır. Qanun layihəsi hazırlanaraq media orqanlarında müzakirə olunub. Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlarda da bu qanun layihəsi müzakirəyə çıxarıldı. Bu qanun mediada fikir, söz azadlığının məhdudlaşdırılmasına yox, inkişafına töhvə verəcək” - deyə R.Məcid bildirib.

R.Məcidin sözlərinə görə, “Media haqqında” qanun layihəsində jurnalistlərə vahid peşə vəsiqəsinin də verilməsi məsələsi var: ““Media haqqında” qanun layihəsin media registrinin yaradılması da nəzərdə tutulur. Bu qanun layihəsi  media sahəsində nizamsızlığı aradan qaldıracaq. Sosial şəbəkələrin mediaya aid olub-olmadığı müzakirə predmeti idi. Qanunun qəbulundan sonra buna aydınlıq gətiriləcək”.

Baş redaktor onu da qeyd edib ki, dövr dəyişdikcə bu qanuna da dəyişikliklər ediləcək.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında məlumat verib ki, “Media haqqında” yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir. Hazırda bu istiqamətdə iş gedir, İşçi qrup tərəfindən qanun layihəsinin ekspertizası yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim ediləcək”.

Qanun layihəsinin nə vaxt Milli Məclisdə müzakirəyə çıxarılacağına gəlincə, MEDİA-nın icraçı direktoru qeyd edib ki, bu, parlamentin iş planına uyğun olaraq həyata keçiriləcək: “Çalışırıq ki, qanun layihəsinin tez bir zamanda ekspertizası həyata keçirilib aidiyyəti üzrə Milli Məclisə təqdim olunsun”.

Qeyd edək ki, iyunun 14-də Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlamışdı. Birgə layihənin məqsədi media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması idi. Bu tədbirdə də  Əhməd İsmayılov tərəfindən media nümayəndələri ilə “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda müzakirələr aparılıb. Qanun layihəsində yer alan müddəalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış online media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır. Bu seminarlarda 75 media nümayəndəsi iştirak edib.

Dönək yenidən Azərbaycanda Milli Mətbuatın yarandığı Günə...

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

 Mərhum Preziden Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetlər fəaliyyət göstərir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Gülayə Məcid

Yazı Media İnkişafı Agentliyinin maliyə dəstəyi əsasında hazırlanıb