İyunun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirilib. Onlayn formatda keçirilən tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Universitetdən Unikal.org-a verilən məlumata görə, Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun igidliyinin hər bir azərbaycanlı gənc üçün örnək olduğunu qeyd edərək, qəhrəmanımızın ömür yolundan və göstərdiyi şücaətdən danışıb. Qeyd edib ki, 11 il bundan öncə M.İbrahimovun göstərdiyi igidlik Azərbaycan Ordusunun gücünü dünyaya tanıtdı və yüzlərlə, minlərlə Mübarizlərin yetişməsinə vəsilə oldu.

Rektor əlavə edib ki, bu gün Mübarizin ruhu şaddır, çünki onun uğrunda şəhid olduğu Vətən torpağı 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad olunub.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, ADNSU-nun əməkdaşı, Vətən Müharibəsi iştirakçısı, qazi Niyaz Zeynalov Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolundan danışaraq, belə döyüşçülərin hər zaman qəlbimizdə yaşayacağını, gənclərimizə nümunə olacağını bildiriblər. Qazi Niyaz Zeynalov 44 günlük Vətən müharibəsi zamanı hər bir döyüşçünün özünü M.İbrahimova oxşatdığını, onun kimi qəhrəmanlıq göstərməyə çalışdığını deyib.