Keçən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə (tədris ingilis dilində) ”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisaslarına üstünlük verib.

Bu barədə Unikal.org-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, III və IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub.

II qrupda rus bölməsinin abituriyentləri daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin tədrisi rus dilində olan “Maliyyə” ixtisasına meyil ediblər. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”, V ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük veriblər.

Azərbaycan bölməsində I ixtisas qrupunda “Riyaziyyat müəllimliyi” ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.