AVRO-2020-də qrup mərhələsinin II turu start götürüb.

Unikal.org xəbər verir ki, günün ikinci oyunu Bakıda keçirilib.

A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan matça stadiondan baxıblar. UEFA prezidenti Aleksander Çeferin, AVRO-2020-nin səfiri Luiş Fiqu, həmçinin Türkiyə Super Liqasında çıxış edən bir neçə klubun prezidenti və futbolçuları da oyunu izləyənlər arasında yer alıb.

Portuqaliyalı baş hakim Artur Manuel Ribeyro Soares Diasın idarə etdiyi görüşə 4 gün öncə Bakı Olimpiya Stadionundakı ilk sınağında İsveçrə ilə heç-heçə (1:1) edən böyük britaniyalılar daha fəal başlayıb. Matçın əvvəlində üstünlük Robert Peycin yetirmələrində olsa da, “ay-ulduzlular” oyunu tarazlaşdıra biliblər. Lakin daha çox hücum edən Şenol Günəşin yetirmələri rəqib qapısına yol tapa bilməyiblər. Hesab fasilə ərəfəsində açılıb. Uels yığmasının ulduzlarının meydandakı gözəl anlaşması Qaret Beylin assisti və qapıçı ilə üz-üzə qalan Aron Remsinin qolu ilə nəticələnib.

İkinci hissənin əvvəlində uelslilər bir neçə hücum təşkil etsə də, türkiyəlilər üstünlüyə yiyələnib. Hesabı dəyişməyə çalışan “ay-ulduzlular” rəqibin azsaylı hücumlarından biri zamanı penalti ilə cəzalanıb. Qaret Beyl özünün qazandığı 11 metrlik cərimə zərbəsini qapının üstündən vurub. Bu epizoddan sonra rəqibi qapısına sıxışdıran qardaş ölkə təmsilçisi bir neçə təhlükəli epizod yaratsa da, imkanlardan yararlanmayıb.

Görüşün sonlarında əsəblər tarıma çəkilib. Bu da Uels millisinin qapısı önündə qalmaqalla nəticələnib. Burak Yılmazla Ben Devis arasında anlaşılmazlıq hər iki komandanın futbolçuları arasında çaxnaşmaya səbəb olub. Aranı sakitləşdirən referi üç oyunçuya xəbərdarlıq verməklə kifayətlənib. Uzatma dəqiqələrinin sonunda uelslilər ikinci qolu vuraraq inamlı qələbə qazanıb.

Bununla da 5 gün əvvəl İtaliyada meydan sahiblərinə 0:3 hesabı ilə uduzan Türkiyə yığması ardıcıl ikinci məğlubiyyətini alıb. Əgər turun digər matçında İsveçrə appeninlilərə qalib gəlsə, “ay-ulduzlular”ın 1/8 final şansı qalmayacaq.

Qeyd edək ki, A qrupunda II tura bu gün yekun vurulacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmada İtaliya İsveçrə ilə üz-üzə gələcək.