Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, şöbəyə rayonun Xaspoladoba kəndi ərazisində meşə massivində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal xüsusi texniki vasitələrin köməkliyi ilə əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakinləri Cavad Mütəllimov və Zaur Mustafayev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların çətənə kollarını əkdiyi sahəyə baxış zamanı 100-ə yaxın narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Mütəllimov və Zaur Mustafayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.