"Əziz qardaşımla bu gün Füzuli şəhərində görüşərək, onu orada qarşılayaraq Füzulinin dağılmış mənzərəsini göstərdim, Füzuli şəhəri yoxdur".

Unikal.org  xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Siz də oradan keçmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur. Mənfur düşmən bütün binalarımızı yerləbir edib. Ağdam da belə vəziyyətdədir. Bizim tarixi abidələrimizi dağıdıb, söküb və talan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir və 28 il işğal dövründə burada bir dənə də bina tikilməmişdir. Mən əziz qardaşıma bax, bu binanı göstərdim, Şuşa valiliyinin binası, mənim rəhmətlik atamın dövründə tikilmişdir. Şuşadakı binalar həm onun dövründə, həm də Pənahəli xanın, İbrahimxəlil xanın dövründə tikilmişdir. Mənfur düşmən bir daşı daş üstə qoymamışdır. İndi Şuşanın dağılmış yerlərini siz görürsünüz, hələ biz bura əl gəzdirmişik. İlk dəfə mən bu ilin əvvəlində buraya gələndə şəhər tamamilə dağılmış vəziyyətdə idi".