Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Unikal.org-un məlumatına görə, Bakının “Neftçi” klubunun avrokubok mövsümündəki ilk rəqibi müəyyənləşib.

Paytaxt təmsilçisi “Dinamo” (Tbilisi, Gürcüstan) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 6-7-də, cavab görüşü 13-14-də keçiriləcək. “Neftçi” mövsümə səfərdə başlayacaq.

Qeyd edək ki, sabah Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. “Neftçi”nin hər iki turnirdəki mümkün rəqibləri, həmçinin qitənin 3-cü dərəcəli klub turnirində ilk raunddan azad olan “Keşlə”, “Qarabağ” və “Sumqayıt”ın qarşılaşacağı komandalar bilinəcək.