“Pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı yeniliklər etməliyik”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, tikintidə işləyənlə müəllimin pensiya yaşının eyni görülməsi düzgün deyil: “65 yaşında insan tikintidə fəhlə işləyə bilməz. Burada yanaşma tərzi dəyişdirilməlidir. Ağır sahədə çalışan insanlar üçün yaş həddi digərləri ilə eyni tutulmamalıdır”.

S. Novruzov qeyd edib ki, əlilliyi ləğv olunan insanlarla bağlı addımların qəti əleyhinədir: “Onlara heç olmasa 2 ay kompensasiya verilməli, iş yeri müəyyən edilməlidir. Bu gün bu insan təqaüd alır, səhər bunu ləğv edirlər. Bu insanın dolanışığı bu təqaüdlədir. Dövlətimiz işləməyənlərə 190 manat verdiyi bir vaxtda biz insanların evinə gələn çörək pulunu kəsməyə başlamışıq. Bu məsələdə ciddi iş aparılmalıdır. Onların böyük hissəsi sosial pensiyaya yönəldilməlidir. İkincisi, əlilliyin dəqiqləşməsində problemlər var, bu proses çox çətin gedir”.

O, Qarabağda döyüşməyən şəxslərin Qarabağ əlillərinin adından istifadə etməsinin cəmiyyətdə çox böyük problemlər yaratdığını da qeyd edib: “Onlar ola bilər avtomobil qəzasında əlil olublar. Onlar da əlildir. Amma Qarabağ əlillərinin reyestrinin yaradılmaması bu kimi hallara gətirib çıxarır”.