Ənvər Seyidəliyev təhsili olmayanlara vəzifə verir
Ənvər Seyidəliyev təhsili olmayanlara vəzifə verir
Pirhəsənli kəndi şəhərə bənzəyir;Ləngəz, Bico və Qəşəd kəndləri üsyana hazırlaşır

Son zamanlar ayrı-ayrı rayonlarında yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən narazılıqlar silsilə aksiyalarla müşahidə olunur. Artıq son bir həftədə bir neçə rayonda yerli məmurların özbaşınalığı, qanunsuz əməlləri sakinləri küçələrə çıxmağa, etirazlarını ən radikal formada nümayiş etdirməyə sövq edib.Belə getsə deyəsən İsmayıllı rayonundan sonra növbə Ağsu rayonunda olacaq. Ötən saylarımızda da qeyd etmişdik ki, rayonda da gərginlik hökm sürür. Qeyd edək ki, hazırda Ağsu rayonuna Ənvər Seyidəliyev başçılıq edir. O, 2007-ci ildən bu vəzifəni tutur.
Seyidəliyevin Ağsuya icra başçısı təyinatı isə təsadüfi deyil; onun Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun dayısı olduğu bildirilir.
Rayondakı mənbələrdən verilən məlumatlara görə, Ənvər Seyidəliyevlə bağlı narazılıqların əsasını onun yüksək vəzifələrə öz yaxın qohumlarını təyin etməsidir. Məsələn, rayon maliyyə şöbəsinin müdiri, Ağsu Mərkəzi Xəstəxanasının baş həkimi, bir çox bələdiyyə sədrləri və kənd icra nümayəndələri Seyidəliyevlə yaxın qohumluq əlaqələrinə malikdir. Elə bu səbəbdən, məsələn, Mərkəzi Xəstəxanada rüşvət tüğyan edir. Ağsuya ayrılan dövlət vəsaitinin isə təyinatı üzrə və şəffaf xərclənməsi ciddi şübhə altındadır.
Ümumiyyətlə, verilən məlumatlarda Ənvər Seyidəliyevin Ağsudakı "qohumbazlıq hakimiyyəti" haqqında konkret aşağıdakılar məlumdur:
"Kapitalbank"ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin doğma qardaşıdır.
Səlim Müslümovun bibisinin əri, dolayısı ilə də Ənvər Seyidəliyevin qohumu Ağsu Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur.
Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə Səlim Müslümovun başqa qardaş, yəni Seyidəliyevin başqa bir dayısıdır..
Ağsu bazarı icra başçısının başqa bir qohumu olan Varis Nəzərovun nəzarətindədir.
Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyevə gəldikdə, o, rayon polis şöbəsinin rəis müavini işləyir.Ötən sayımızda dərc olunan yazıdan sonra rayon sakinləri "Unikal"a rayondakı haqsızlıqlarla bağlı bilgilər veriblər. Mənbənin sözlərinə görə icra başçısı rayondakı kəndləri viranə həddə çatdırıb. Amma sənədlərdə bunun tam əksi görünür. Məsələn, bir müddət öncə Ləngəvizin,Qəşəd və Bico kəndlərinin yollarını asfaltlamaq üçün 6 milyon pul ayrılıb. Pul büdcədən çıxarılsada bu günə qədər bir metrdə olsa yol çəkilməyib. Mənbə bildirir ki, ümumiyyətlə icra başçısı büdcədən vəsaitin böyük hissəsini məhz abadlıq adı ilə çıxara bilir.Çox maraqlıdır ki, kəndlərə icra nümayəndələri də xüsusi "formada" təyin edilir. Məsələn
Ləngəviz kəndinə qısa müddətdə bir neçə dəfə icra nümayəndəsi təyin edib. Bir müddət öncə ali təhsili belə olmayan Ənvər Qarayevi icra nümayəndəsi təyin etdi. Daha sonra isə Ənvər Qarayevi işdən çıxardaraq onun qardaşı Alim Qarayevi bu posta qoyacağını bildirib və bunun qarşılığında ondan 5 min manat pul aldığı iddia edilir. Amma gözlənilmədən Qarayevin yerinə Həcirani adlı bir şəxsi bu vəzifəyə təyin edib. Redaksiyamıza müraciət edən mənbə bunu da bildirdi ki, rayon kəndləri bərbad halda olsada icra başçısının doğulduğu kənd, Pirhəsənli kəndi ən yüksək səviyyədə az qala yenidən qurulub. Ümumiyyətlə icra başçısı istər təyinat məsələlərində, istərsə də rayonda abadlıq işlərinin həyata keçirilməsinə yerliçilik və qohumbazlıq meyyarlarına daha çox üstünlük verir. Ağsu rayonunda baş verənlərlə bağlı geniş reportaj növbəti saylarımızda .
İlkin Rzazadə