Şəhər nəqliyyatında ən vacib məsələlərdən biri də səkilərin piyadaların rahat və maneəsiz hərəkət etməsi üçün uyğun vəziyyətdə olmasıdır.

Unika.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ötən dövrdə Agentlik səkilərdə piyadalalar üçün maneəsiz hərəkət mühitinin yaradılması üçün bir çox layihələr icra edib.

"Lakin təəssüf ki, hələ də bəzi obyekt sahibləri qanunsuz olaraq piyada səkilərini zəbt edirlər. Növbəti belə hal paytaxtın Nizami rayonunda - Cəmşid Naxçıvanski və Bəkir Çobanzadə küçələrinin kəsişməsində qeydə alınıb. Yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib. Səkinin zəbt olunması ilə bağlı Agentlik zəruri addımlar atacaq. Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq", - deyə qurum bəyan edib.