Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Ağdaş şəhəri ərazisində ağacəkmə aksiyası keçirib.

Unikal.org xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Partiyamızın yaradıcısı, ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmişdir. Bu gün ölkə Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Ağdaş rayonunda da uğurla həyata keçirilir. YAP Ağdaş rayon təşkilatı da müntəzəm olaraq bu işə öz töhfəsini verir. Keçirilən ağacəkmə aksiyasında rayon təşkilatının Gənclər Birliyinin fəalları və könüllüləri iştirak etmişdir. Ekoloji mühitin sağlamlaşdırılması, ictimaiyyətin diqqətinin ətraf mühitin və yaşıllıq zolaqlarının qorunmasına yönəldilməsi məqsədilə həyata keçirilən aksiyada tuya tingləri əkilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. 

Bu tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Tədbirlər planına uyğun olaraq rayon təşkilatı tərəfindən bu cür aksiyaların Ağdaş rayonunun ərazisində keçirilməsi gələcəkdə də davam etdiriləcəkdir.