Gəncədə faşizm üzərində qələbənin 76-cı il dönümü qeyd olunub.

Unikal.org xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağındakı məzarüstü abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb.

Ölkədə tədbiq olunan karantin rejimi ilə əlaqədar olaraq, məhdud iştirakçı sayı ilə keçirilən tədbirdə Böyük Vətən Müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

9 May – Qələbə günü ilə əlaqədar olaraq, həmçinin Gəncədə yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları ziyarət olunub, Gəncə Şəhər İcra Hakimiyyəti adından onlara təbrik ünvanlanıb, bayram sovqatı təqdim edilib.

Qeyd edək ki, bu gün Gəncədə 5 Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı 50, Böyük Vətən Müharibəsi iştirakçılarının dul xanımlarının sayı da 50-dir.