Mayın 6-da  Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Layihələrin İdarəedilməsi Azərbaycan Assosiasiyası (AzPMA) layihə menecmenti sahəsində ali təhsildə dayanıqlı inkişafı dəstəkləmək, beynəlxalq standartlar əsasında tələbə, professor-müəllim heyəti və bu sahədə peşəkar nailiyyətlərə imza atmaq niyyətində olan şəxslərin səriştələrinin artırılması məqsədilə əməkdaşlığa start veriblər.

Unikal.org xəbər verir ki, əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən tədbirlərin həyata keçirilməsi, müştərək layihələrin icrası, bu sahənin inkişafı məqsədilə milli və beynəlxalq mütəxəssislər tərəfindən təlimlərin təşkili nəzərdə tutulur.  Əməkdaşlığın digər mühüm istiqaməti isə ATMU tələbələrinin layihə idarəetməsi sahəsində səriştələrinin beynəlxalq IPMA standartlarına uyğun olaraq sertifikatlaşdırılması və bu məqsədlə onlara təqaüdlərin ayrılmasıdır.

Anlaşma Memorandumunda ATMU-da IPMA təlim mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəz IPMA sertifikasiya imtahanlarına hazırlaşmaq istəyən şəxslər üçün yüksək kvalifikasiyalı peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərə müraciətlərin qəbuluna tezliklə start verəcəkdir. Təlim iştirakçıları daha sonra IPMA sertifikasiya imtahanında iştirak edərək bu nüfuzlu beynəlxalq təşkilatın layihə idarəetməsi sahəsində sertifikatını əldə edə bilərlər.