Bloger Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib:

"O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub və onunla profilaktiki söhbət aparılaraq sərbəst buraxılıb. Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə, əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşman olduğunu bildirməklə, üzrxahlıq edib".

*** 10:27

Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmaya başlayıb.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: “Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Videogörüntülərdə qeydə alınan şəxsin M.Hüseynovu təhqir etdiyi və ona fiziki təzyiq etdiyi görünür. M.Hüseynov bildirib ki, əvvəllər Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olmuş və işdən çıxarılmış Elxan Tağıyev özünü polis kimi təqdim edərək “parkovşik”i hədələyib.