Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin "Arqus-Fito" Federal Dövlət İnformasiya Sistemi arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idxal–ixrac əməliyyatlarının operativləşdirilməsi, verilmiş müvafiq sertifikatlarının təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə iki ölkənin adıçəkilən qurumlarının informasiya sistemləri arasında inteqrasiya planlaşdırılır. Hazırda sistemlər arasında məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində texniki işlər davam edir.

Sistemlər arasında inteqrasiya həyata keçdikdən sonra Azərbaycandan ixrac olunan fitosanitar məhsullarına AQTA tərəfindən verilən sertifikat "Arqus-Fito" sisteminə ötürüləcək və qarşı ölkə sertifikatın doğruluğunun yoxlanmasını sistemlə təmin etmiş olacaqdır. Bu isə vaxt baxımından real rejimdə təsdiqlənmənin həyata keçirilməsinə və sahibkarların daha rahat ixrac əməliyyatları həyata keçirmələrinə şərait yaradacaqdır. Bununla yanaşı, sistemlər arasında olan məlumat mübadiləsi imkan verəcəkdir ki, hər hansı bildiriş real vaxt rejimində görünsün və buna uyğun tədbirləri ləngimədən həyata keçirmək mümkün olsun.