"Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Samirə əfəndinin səhnə geyimi hazırlanır.

Unikal.org  xəbər verir ki, ifaçının çıxış üçün nəzərdə tutulan paltarının dizaynı modelyer Rüfət İsmayıla həvalə edilib. Samirə üçün hazırlayacağı paltardan danışan Rüfət bildirib ki, libasda milli ornamentlər yer alacaq:

"Əfəndi üçün geyim hazırlayarkən əsas məqsədimiz güclü, özünə inamlı qadının ruhunu çatdırmaq idi. Başqa vacib məqam isə milli elementlərin mövcudluğu idi. Bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Əfəndinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır".

Müğənninin paltarı qiymətli və yarı-qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.

Qeyd edək ki, "Eurovision 2021" mayın 18-i və 20-də, final mərhələsi isə 22-də Rotterdamda keçiriləcək.