"Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır.

Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək", - o vurğulayıb.