Bu gün türkiyəli və azərbaycanlı jurnalistlərin “Saxta erməni soyqırımının gerçək üzü” adlı birgə konfransı keçirilib.

Unikal.org xəbər verir ki, Global Journalism Council tərəfindən təşkil edilən konfransın modertoru təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı olub. Tədbirdə Council sədri Mehmet Ali DİM, Azərbaycan və Türkiyənin 30-a yaxın jurnalisti, ekspertlər iştirak ediblər.

Onlayn şəkildə təşkil edilən konfransa Global Journalism Council-ın sədr müavini İsmail Bayazıt, İdarə Heyətinin üzvü Aynur Tattersall, Ənənəvi Media Məclis sədri Buse Biçer Xarici Media Məclis sədrinin müavini Benan Kepsutlu, Məsləhətləşmə Şurası üzvü Hakan Akbaş, qurum üzvləri Ahmet Coşkunaydın və Canan Ekici ilə yanaşı, tanınmış təhsil eksperti, Sosial Media, Elektron Təhlükəsizlik və Təhsil Araşdırma Dərnəyi (SODİMER) sədri, professor Levent Eraslan da qatılıblar. 

Deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev və Anadolu Universitetinin professoru Levent Eraslan çıxış edərək, erməni yalanlarının, saxta erməni soyqırımının tarixi kökləri haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Cavanşir Feyziyev ermənilərin iddialarının əsassız olduğunu tarixi faktlara əsaslanaraq, vurğulayıb.

Levent Eraslan isə gənclərin qondarma erməni soyqırımının ifşası istiqamətində görə biləcəyi işlər, sosial mediada bununla bağlı atılmalı addımlar haqqında fikirlərini paylaşıb.

Toplantıda hər il 24 aprel ərəfəsində Türkiyənin, Azərbaycanın və ümumilikdə Türk dünyasının Amerika Birləşmiş Ştatlarının rəhbər strukturlarında aparılan müzakirələrə fokuslandığı diqqətə çatdırılıb. Cavanşir Feyziyev Amerikanın qərarlarının əslində məsələnin gedişatına heç bir təsiri olmayacağını qeyd edib. Bununla bağlı hər il bu tarixdə qabaqlayıcı işlərin görülməli olduğu bildirilib. Qərara alınıb ki, bu istiqamətdə sistemli şəkildə işə başlansın.

“Erməni soyqırımı doğrudan da baş veribsə, bu gün Türkiyədə niyə ermənilər yaşayır” sualı ortaya qoyulub.

Deputat Cavanşir Feyziyev sosial şəbəkələrdə bununla bağlı görülməli işlərə xüsusi diqqət ayrılmalı olduğunu qeyd edib. Tədbirdə bu məsələ ilə bağlı azərbaycanlı və türkiyəli jurnalistlərin daha böyük heyətdə müzakirələr aparması, davamlı görüşlərin keçirilməsi, xarici jurnalistlərin cəlb olunması qərara alınıb. Ən əsası Xocalı soyqırımının hər il 24 aprel ərəfəsində təbliğinin vacibliyi diqqətə çatdırılıb.

C.Feyziyevin fikrincə, 100 il öncə heç bir əsası və sübutu olmayan, törədilməmiş “soyqırımı”nı qondarma şəkildə təbliğ edən ermənilərə qarşı 30 il öncəki, şahidləri həyatda olan, tarixi sübutları nümayiş etdirilmiş Xocalı qurbanlarının öndə saxlanması zəruridir. O həmçinin Xocalı soyqırımı ilə bağlı filmlərin çəkilməsi, ən yüksək səviyyədə soyqırımının dünyaya tanıdılması üçün silsilə addımların tərəfdarı olduğunu deyib.

Deputat bu təbliğata dövlət dəstəyi ilə bağlı qeyri-hökumət təşkilatlarının və jurnalistlərin qoşulmasının, hər bir türk və azərbaycanlının aktiv fəaliyyətinin daha səmərəli olacağına toxunub. Bildirib ki, sistemli şəkildə addımlar atılarsa, yaxın zamanda dünya gündəmindən qondarma erməni soyqırımı çıxarılacaq.

Konfrans Türkiyənin “DİM” Televiziyası və “MediaTürk TV”nin efirində canlı yayımlanıb.