Aprelin 16-da “YAŞAT” Fondu, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Unikal.org xəbər verir ki, sənədi “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platformasının həmtəsisçiləri, millət vəkili Ramil Həsən və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin sədri Hüseyin Büyükfırat imzalayıblar.
Niyyət protokoluna əsasən əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Platforma vasitəsi ilə bir sıra istiqamətlərdə “YAŞAT” Fondunun fəaliyyətinə dəstək göstəriləcək:
- “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş 10 qazinin Türkiyə Respublikasındakı tibbi xərclərinin tam olaraq qarşılanmasına dəstək göstəriləcək;
- Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin təminatına dəstək olaraq Türkiyə Respublikasından ediləcək humanitar yardımlar “YAŞAT” Fondu ilə birgə həyata keçiriləcək;
- “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhidlərin övladlarının Türkiyədə ödənişsiz və ya güzəştli şərtlərlə təhsil almasına dəstək göstəriləcək;
- Təşkil olunacaq müxtəlif sosial-mədəni tədbir və layihələrdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin iştirakı təmin ediləcək.