“Bu yaz sessiyasının səmərəli, konstruktiv keçəcəyinə şübhə etmədiyimi bildirmək istərdim. MDB Parlamentlərarası Assambleyasının fəaliyyəti dövründə üzv ölkələrin parlamentləri bu qurumun intəhasız imkanlara malik olduğunu sübuta yetirib. Bu assabmleyanın nüfuzlu beynəlxalq təşkilata, dövlətlər arasında əməkdaşlığın inkişafında mühüm alətə çevrilməsi sevindiricidir”.

Unikal.org xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Sankt-Peterburq şəhərindəki 52-ci iclasında bildirib.

MDB PA-nı regional və beynəlxalq siyasətə dair başlıca məsələlərlə bağlı müzakirə və əməkdaşlığın əlverişli platforması kimi dəyərləndirən Milli Məclis sədri deyib: “Bu gün dünyada parlamentlərin, parlament diplomatiyasının rolu danılmazdır. MDB PA da parlamentlər arasında iki və çoxtərəfli əməkdaşlığın inkişafı üçün nadir platformadır. Üzv dövlətlər arasında MDB PA çərçivəsində hərtərəfli tərəfdaşlığın gücləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli inkişaf etməklə ali qanunçuluq qurumları arasında əlaqələrin genişlənməsinə töhfə verəcək”.

Avrasiya Qadın Forumu təşəbbüsünün əhəmiyyətini vurğulayan S.Qafarova bununla sülhün və təhlükəsizliyin gücləndirilməsində qadınların artan rolunun bir daha ortaya çıxdığını diqqətə çatdırıb.