"Bildiyimiz kimi, ölkədə son Prezident seçkiləri 11 aprel 2018-ci ildə keçirilib. Ümumilikdə, Cənab Prezidentimizin Prezidentlik fəaliyyətinə nəzər saldıqda görürük ki, İlham Əliyev ilk dəfə 2003-cü ildə Prezident seçiləndə güclü və qüdrətli Azərbaycanın qurulması konsepsiyasına böyük addım atılmışdır."

Bunu Unikal.org-a açıqlamasında deputat Cavid Osmanov deyib. O bildirib ki, həmin güclü və qüdrətli Azərbaycanın təməli Cənab Prezidentin rəhbərliyi ilə qoyulmuşdur:

"Son 3 il ərzində ölkəmiz doğrudan da, fərqli bir yol keçmişdir. Biz burada 2018-ci ildəki Prezident seçkilərindən sonrakı kadr, struktur, sosial və siyasi islahatları qeyd etməliyik. Bu islahatlar müasir dövrün tələblərinə uyğun aparılmış və Azərbaycanın qarşısında qoyulan yeni çağırışlara, hədəflərə nail olmaq üçün keçirilmişdir.

Əlbəttə ki, son 3 ilin, həmçinin ümumilikdə Azərbaycan tarixinin ən böyük nəticəsi isə Vətən Müharibəsində əldə etdiyimiz parlaq qələbəmizdir. Bu, Azərbaycan tarixində ən parlaq qələbədir. Ən tarixi, ən şanlı günlərdir, çünki 30 il ərzində işğal altında qalan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə azad edildi. Eyni zamanda Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Artıq Azərbaycan xalqı qalib xalq, Azərbaycan Ordusu qalib Ordu, Azərbaycan dövləti qalib dövlət kimi bütün dünyada tanınmağa başladı. 

Azərbaycan artıq yeni reallıq yaradıb. Bu reallıq təkcə bölgə üçün yox, həm də dünya üçün yeni bir reallıqdır. Ölkəmiz tərəfdaşlıq içərisində olan bir dövlətdir. Azərbaycan bütün xalqların sülh və əminəmanlıq içərisində yaşamasını, bütün dövlətlərin inkişafını istəyir. 

Eyni zamanda Vətən Müharibəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri də Zəngəzur dəhlizinin imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmasıdır. Zəngəzur dəhlizi bütün Türk dünyası arasında coğrafi əlaqə yaradan bir dəhlizdir. Bu baxımdan da Cənab Prezidentimizin düzgün qurduğu strategiya, diplomatik əlaqələr, o cümlədən informasiya sahəsindəki qalibiyyətimiz və Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar ən vacib məqamlardandır.

İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçiləndə "Mən Heydər Əliyevin siyasətini davam etdirəcəm" deməsi onu göstərdi ki, Ulu Öndərimizin siyasətinin alternativi yoxdur. Azərbaycanı Avrasiyanın ən cazibədar, ən əlverişli nəqliyyat və logistika mərkəzinə, o cümlədən Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirən, Azərbaycanın iqtisadiyyatını dayanıqlı və davamlı şəkildə həyata keçirən, eyni zamanda Vətən Müharibəsində əldə etdiyimiz ən böyük nailiyyətimiz olan milli birliyimizi qazanan məhz Cənab Prezidentimiz oldu. Ona görə də, son 3 il, ümumilikdə İlham Əliyevin 18 illik faəliyyəti Azərbaycan tarixində ən parlaq illərdir."

Murad İbrahimli