Azərbaycan Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Unikal.org xəbər verir ki, Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə heyətinin sədri Cavid Qurbanov və digər üzvləri iştirak ediblər.

Rəşad Nəbiyev iclasda vurğulayıb ki, son illər nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb. Həmçinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC ölkəmizin regional müstəvidə rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsində mühüm rola malikdir. Səhmdar cəmiyyət regionda özünün aparıcı mövqeyini qoruması üçün bundan sonra daha böyük əzmlə çalışmalıdır”, – deyə Rəşad Nəbiyev qeyd edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılmasının Müşahidə Şurasının əsas vəzifəsi olduğunu vurğulayan Rəşad Nəbiyev deyib: “Müşahidə Şurası QSC-nin idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcəkdir”.

İclasda həmçinin Azərbaycan Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.