Özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən Cəfərov Süleyman Xanlar oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilən işə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

S.Cəfərova Cinayət Məcəlləsinin 312.2-ci maddəsilə (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) ittiham verilib.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Süleyman Cəfərovun 2020-ci ilin avqust ayında özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edərək həmin orqana qulluğa qəbul olunmaq üçün müraciət edən şəxsə müsabiqədə iştirak etmədən işə qəbul edilməsinə köməklik göstərilməsinə dair yalan vəd verərək guya səlahiyyətli rəhbər vəzifəli şəxsə verilməsi adı ilə vətəndaşdan 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

24 fevral 2021-ci il tarixdə Süleyman Cəfərova Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Murad İbrahimli