Ermənistanda Qarabağ müharibəsi zamanı itkin düşənlərin yaxınları ölkənin Müdafiə Nazirliyinin binasını blokadada saxlamağa davam edirlər.

Unikal.org  erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya 8 aprel səhər saatlarından başlayıb. İtkin düşən həbçilərin yaxınları maşınlarla Müdafiə Nazirliyinin bütün giriş və çıxışlarını bağlayıblar.

Bu gün səhər etirazçılar nazirlik binasının üzərində helikopter görüblər. Bəziləri müdafiə naziri Vaqarşak Arutyunyanın helikopterlə binanı tərk etdiyini düşünür.

İtkin düşən əsgərlərin yaxınları müharibə bitdikdən sonra dəfələrlə hökumət və Müdafiə Nazirliyinin binaları qarşısında etiraz aksiyaları keçiriblər. Baş nazir Nikol Paşinyan bir neçə dəfə itkin düşən əsgərlərin yaxınları ilə görüşüb, mümkün olan hər şeyi edəcəyinə söz verib. Amma qarşı tərəf hökumət səviyyəsində lazımi addımların atılmadığını bildirir.

*** 23:54

Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərinin yaxınları artıq 11 saatdan çoxdur ki, Ermənistan Müdafiə Nazirliyinin binasını blokadaya alıb.

Unikal.org xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Səhər saat 11-dən onlarla insan binaya bütün giriş-çıxışı bağlayıb. Biz indi buradan çıxa bilmirik. Polis heç bir tədbir görmür”, – deyə bildirilib.

Aksiya iştirakçılardan biri canlı efirdə itkin düşmüş valideynləri aksiyaya səsləyib.

Polislər aksiya iştirakçılarını hədələyərək ərazini tərk etməyi, əks halda güc tətbiq edəcəklərini bildirirlər.

Qeyd edək ki, rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovun olduğu təyyarənin Azərbaycandan Erebuni hava limanına “hərbi əsirlər” (Azərbaycan onları terrorçu olaraq tanıyır – red.) olmadan qayıtması xəbərindən sonra aeroporta toplanan valideynlər təkrar Müdafiə Nazirliyinin binasına qayıdıblar.