Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov rayonun Şəkili kəndində 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan Ömər Cəbrayılovun böyüyüb boya çatdığı evdə onun ailə üzvləri ilə görüşüb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad olundu.

Unikal.org xəbər verir ki, Millət vəkili Cavid Osmanov ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşırlar. Ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin və güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. 

Aprel döyüşlərinə toxunan millət vəkili bildirdi ki, bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Hərb tariximizə şanlı bir səhifə olaraq yazılan Aprel döyüşləri Vətən Müharibəsində qazandığımız parlaq Zəfərimizin başlanğıc nöqtəsi oldu.  4 günlük savaşdakı uğurlardan və diplomatik üstünlüklərdən 44 günlük müharibədə qələbə qazanmaq üçün ustalıqla istifadə edildi.

Şəhidin atası Məzahir Cəbrayılov oğlu Ömər haqqında xatirələrini bölüşdü. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirən şəhid atası qeyd etdi ki, ağdaşlı şəhid ailələri hər zaman dövlət başçımızın ətrafında sıx birləşiblər.