Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) hərbi xidmətdə olan, İkinci Qarabağ döyüşlərində iştirak edən tələbəsi Riad Xancanovla bağlı yaranan problemə münasibət bildirib.

ADPU sosial və humanitar məsələlər üzrə prorektorun köməkçisi  Cavid Hüseynov Unikal.org-a açıqlamasında bildirib ki, qanunvericiliklə adıçəkilən tələbəyə güzəşt etmək mümkün deyil:

" 2016-2020 ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi olmuş, hazırda həqiqi hərbi xidmətdə olan və II Qarabağ müharibəsi iştirakçısı Xancanov Riad Ruslan oğlunun “idman qurğuları” fənnindən akademik borcu olduğuna görə məzun ola bilməmiş və 25 iyul 2020-ci ildə vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb.

Hərbi xidmətdə olduğu müddətdə II Qarabağ müharibəsində iştirak edən X.Riadın valideynləri universitetə müraciət edərək tələbənin akademik borcunun ləğv olunması və ona diplom verilməsini xahiş etmişdirlər. Valideynləri ilə rəhbərlik görüş keçirmiş və qanunvericilik şərtləri izah olunmuşdur. Məsələ ilə bağlı eyni məzmunlu 18 dekabr 2020-tarixli 07-10\559 nömrəli məktub daxil olmuş və rəsmi cavab verilmişdir. Cavab Təhsil Naziliyinin müvafiq portalına yerləşdirilib. 

Bir daha ictimaiyyətə bildirmək istərdik ki, təhsil qanunvericiliyinə uyğun olaraq tədris planını yerinə yetirməmiş tələbələr məzun olmuş sayılmır və diplom verilmir. Tələbə hərbi xidmətdə olduğu müddətdə onun akademik borcunun silinməsinə və diplom verilməsinə qanunvericiliyin tələbləri icazə vermir. Qanunvericilikdə bununla bağlı güzəşt nəzərdə tutulmamışdır. X.Riad hərbi xidmətdən geri döndükdən sonra ona akademik borcunu ödəməsi üçün şərait yaradılacaqdır. Lakin qeyd etdiyimiz kimi, hərbi xidmətdə olan bir şəxsin eyni zamanda tədrisə cəlb olunması və akademik borcunu ödəməsi qanunvericiliyə uyğun deyil.

ADPU II Qarabağ müharibəsində iştirak edən bütün tələbə və məzunlarına, şəhid olanların isə ailələrinə və xatirələrinə daim ehtiramla yanaşır, diqqət mərkəzində saxlayır. Bu səbəbdən də, əmin ola bilərsiniz ki, X.Riad da hərbi xidmətdən döndükdən sonra ona da qanunvericiliyin tələbləri daxilində bütün köməklik göstəriləcəkdir". 

10:26

İkinci Qarabağ döyüşlərində iştirak edən,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunu Riad Xancanovun valideyni Prezident İlham Əliyevə müraciət edib.

Unikal.org-a açıqlama verən əsgərin anası Təbəssüm Xancanova ADPU-nin rektoru , professor Cəfər Cəfərovun və Təhsil naziri Emin Əmrullayevin övladı ilə bağlı yaranmış problemə kömək etmədiyini bildirib:

"Oğlum 1999-cu il təvəllüdlü Xancanov Riad Ruslan oğlu 2016-ci ildə APDU-nin İncəsənət və Fiziki Tərbiyə fakültəsinin Fiziki Tərbiyə və Gənclərin Çağırışa qədərki hazırlığı ixtisasına qəbul olub. O, dördüncü kursda oxuyarkən Hərbi İdman Qurğuları fənnindən bir akademik borcu yaranıb. Oğlum 25.07.2020-ci il tarixində hərbi xidmətə gedib. O, 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ döyüşündə vuruşub. Övladım Füzuli, Cəbrayıl, Qubadlı, Hadrud, Xocavənd və Şuşanın erməni işğalından azad olunması uğrunda döyüşlərdə iştirak edib. 

Mən oğlumun universitetdə yaranan, yuxarıda qeyd etdiyim akademik kəsrinin həll olunmasına kömək edilməsi üçün ADPU-nin rektoru Cəfər Cəfərova və Təhsil naziri Emin Əmrullayevə dəfələrlə müraciət etmişəm. Mənə rədd cavabı verilib, bildirilib ki, oğlunuz hərbi xidmətini başa vurduqdan sonra araşdırarıq. Mən qeyd etmək istəyirəm ki, bu məsələyə kömək olunmasa oğlum bir il deyil, əlavə olaraq 6 ay da hərbi xidmətdə olacaq. 

Mən Prezident İlham Əliyevə müraciət edib, xahiş edirəm ki,mənə köməklik göstərsin. Mən universitet və Təhsil Nazirliyi arasında qalmışam. Hər iki qurum məsələnin həllini bir-birinin üzərinə atır. Cənab Prezident, oğlumun sizin-Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan böyük qələbədə əməyini nəzərə almağınızı xahiş edirəm. Ümid edirəm oğlumla bağlı yaranan bu problem aradan qalxacaq".

Famil Fərhadoğlu