"Ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Bu tarixi nailiyyətdən sonra cənab prezidentimiz, müzəffər ali baş komandan ilk görüşlərindən birini müharibədə yaralanmış qazilərimizlə keçirdi. Daha sonra çıxışında qeyd etdi ki, bütün şəhid və qazi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq. Onlara digər zəruri köməkliklər göstəriləcəkdir". 

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov səsləndirib.

Millət vəkili qeyd edib ki. bu ilin yanvar ayında cənab prezident sərəncamla xüsusi proqram təsdiqləyib: "2021-2025-ci illər ərzində 11 mindən çox şəhid və qazi ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması proqramda öz təsdiqini tapdı. 25 fevralda cənab prezidentin iştirakı ilə Ramanı qəsəbəsində 30 binadan təşkil olunmuş 1 512 mənzil şəhid və qazi ailələrinə təqdim olundu. Burada bütün infrastruktur da qurulmuşdur. Məktəb, uşaq bağçası, klub və digər zəruri infrastruktur yaradılmışdır. Bununla yanaşı, cənab prezidentimiz bu gün Şağanda reabilitasiya mərkəzinin açılışında da iştirak etdi. Hansı ki, 250 çarpayıya malik mərkəzdir. 1 il ərzində 5 000 nəfər qəbul etmək imkanı var. 2003-cü ildə dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə tikilmişdir. Təmir və bərpadan sonra yenidən istifadəyə verildi. Ümumiyyətlə, cənab prezidentimizin rəhbərliyi ilə hər zaman şəhid və qazi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların müalicəsi, müavinətlərin verilməsi, nəqliyyat vasitələri ilə təmin olunması və digər məsələlər Azərbaycan dövləti qarşısında prioritet təşkil etmişdir. Bu istiqamətdə xeyli işlər görülmüşdür. Bununla bağlı cənab prezidentimizin qərarı ilə YAŞAT Fondu yaradılmışdır. Şəhid və qazi ailələrinin problemlərinin həllində, ehtiyaclarının qarşılanmasında bu fondun xüsusi rolu və payı vardır".

Cavid Osmanov həmçinin Heydər Əliyev Fondunun gördüyü işlərə də toxunub: "Bununla yanaşı, hörmətli birinci vitse-prezidentimiz Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da hər zaman bu təbəqədən olan insanlara diqqət və qayğı ilə yanaşmış, onları narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görmüşdür. Xaricdə onların müalicəsi və sair məsələlər həyata keçirilir. Utanmadan şəhid və qazi ailələri bağlı manipulyasiyalar edərək öz çirkin siyasətlərini gerçəkləşdirmək istəyənlərin, 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalında böyük rol oynamış insanların, xüsusən AXCP sədri Əli Kərimlinin cavabı bu tədbirlərlə verilmiş olur. Məkrli siyasətə, Ermənistandan aldıqları tezislər üzərindən Azərbaycan dövlətçiliyinə qarşı apardığı siyasətə cavab oldu. Cənab prezidentimizin başçılığı ilə bu təbəqədən olan insanlara diqqət və qayğı davam edəcəkdir. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi heç kimdə şübhə doğurmur. Bir daha qeyd etmək istəyirəm ki, görülən işlər AXCP, Antimilli Şura kimi qurumlara cavab oldu".

Gülayə Mecid