Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Unikal.org xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və "AZFOOD COMPANY” MMC tərəfindən ölkəmizə idxal edilən 9.97 ton dondurulmuş toyuq dərisi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş toyuq dərisi məhsullarının  zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.