Fevralın 18-də saat 12:00 radələrində üzərində bıçaq xəsarəti olan 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlu rayon mərkəzi xəstəxanasında ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, faktla bağlı  Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaqla  Göyçay şəhəri  Heydər Əliyev küçəsində yerləşən “Əsgəroğlu” adlı marketi işlədən Xəlilov Ruslan Xalis oğlunun fevralın 18-də saat 11 radələrində mağazaya borcu olan və bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə nəticəsində Polad Salehova bıçaqla vuraraq xəsarət yetirməsinə, sonuncunun almış olduğu xəsarətdən xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Xəlilov 19 fevral 2021-ci il tarixdə Göyçay şəhəri ərazisində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.