"Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında  rəşadətli ordumuzun Vətən Müharibəsində şanlı qələbə qazanması və torpaqlarımızın ərazi bütövlüyünün  bərpa olunması ilə Azərbaycan dövləti yeni iqtisadi reallıqlara qədəm qoydu.

Bu yaxınlarda  Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində çıxış edən dövlətimizin başçısı böyük quruculuq işlərinin başlanmasının anonsunu verdi və bildirdi ki, bizim dədə-baba torpağımız olan Qarabağı qısa müddətdə bərpa edəcəyik. Onun inamla söylədiyi bu fikirlərin təsdiqi olaraq demək lazımdır ki, qüdrətli və gənc dövlət kimi Dünya Birliyində özünə möhkəm tərəfdaşlar qazanmış Azərbaycan dövləti  işğaldan azad edilmiş torpaqlarımızda həyatı  canlandırmaq , Qarabağımızı dirçəltmək əzmindədir". 

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib. O, qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində işğaldan azad edilən ərazilərin tezliklə bərpa edilməsi üzrə müvafiq infrastrukturların yaradılması və Qarabağ bölgəsinin ölkə iqtisadiyyatına inteqrasiya olunmasını təmin etmək üçün dövlət büdcəsindən 2,2 milyard manat ayrılması nəzərdə tutulub:

"Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması azad edilmiş ərazilərdə həyatın canlanması və böyük köçün başlanmasını dəstəkləyən vacib addımlardan biridir. Təsadüfi deyil ki, Qarabağın dirçəlişi və bu bölgənin zəngin təbii resursları ölkəmizin qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradacaq".
Millət vəkili dövlətin işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiyasının artıq hazırlandığını diqqətə çatdıraraq deyib ki, şəhərsalma və ərazilərin quruluşu ilə bağlı məsələlər konsepsiyada ön plana çıxarılıb:

"Konsepsiyaya uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə qısa zaman ərzində kommunal, iqtisadi və sosial strukturların qurulması, eləcə də rayon mərkəzlərində yaşayış binalarının və evlərin tikintisi təmin ediləcəkdir. Qarabağa böyük köçü zəruri edən başlıca amil kimi əhalinin məskunlaşmasını və məşğulluğunu təmin olunması üçün həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələri yaradılacaqdır. 
“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında”  yanvarın 19-da dövlət başçımızın imzaladığı fərmanın əhəmiyyətindən də söz açan deputat bildirib ki, xüsusi nümayəndəliklərin fəaliyyəti Qarabağda səmərəli və çevik idarəetmə modelinin yaradılmasını şərtləndirən mühüm amil olacaq". 

Ağalar Vəliyev qeyd edib ki, artıq yeni reallıqların formalaşması bölgədə yeni beynəlxalq əməkdaşlıq formatınının qurulmasını  zəruri etməkdədir. İşğaldan azad olunan ərazilərdə sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı,  yerli və xarici investisiya da cəlb ediləcək. Böyük quruculuq işlərinə dost ölkələri təşviq eləmək siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək. Artıq yol, dəmiryol və infrastruktur layihələrinin birgə həyata keçirilməsində Türkiyə şirkətlərinin də bərabər iştirak edəcəyi nəzərdə tutulub . Bölgənin energetika sisteminin yenidən qurulması sahəsində əməkdaşlıq etmək üçün İtaliya şirkətləri ilə səmərəli danışıqlar aparılır.  Dünən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ölkəsinin Qarabağda həyata keçiriləcək yenidənqurma işlərində iştirak etmək arzusunu dilə gətirərək söyləyib ki, biz yaxın qonşuyuq və ərazilərinizin bərpası baxımından digər ölkələrlə müqayisədə üstünlüyə malikik.
Milli Məclisin üzvü onu da vurğulayıb ki, böyük quruculuq işləri başa çatdıqdan sonra erməni vandallarının  viran qoyduqları torpaqlar canlanacaq, Qarabağda baş verən bu canlanmanın tezliklə ölkəmizin  inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin  şahidi olacağıq. 

Hüseyn İsgəndərov