"Liverpul" transfer çalışmalarında sönük təsir bağışlayır. Halbuki çempionluq uğrunda mübarizə aparan komandanın güclənməsinə ehtiyac var. Xüsusən də müdafiənin mərkəzi ilə bağlı problem aydın görünür. 

Unikal.org "Goal"a istinadla xəbər verir ki, baş məşqçi Yurgen Klopp məsələ ilə bağlı danışaraq maraqlı açıqlamalarla gündəmə gəlib: "5 yaşım yoxdur mənim. Ona görə də istədiyim olmur deyə, oturub ağlamaq fikrim yoxdur. Düzünə qalsa, həyatda çox vaxt istədiyimi əldə etməmişəm. Bəli, bu gün mərkəz müdafiəçisinə ehtiyacımız var. Amma onun gəlişi ilə vurduğumuz qolların sayı artacaqmı? Əmin deyiləm. Sabit heyətimiz olacaqmı? Hə, bu mümkündür.

Bu gün dərdimiz transfer deyil. Bazara baxıb ağlamaq əvəzinə, oyunumuzu düzəltməliyik. Məsələn, "Börnli" ilə oyunda ən yaxşı mərkəz müdafiəçisi də qalib gəlməyimizə kömək etməyəcəkdi. Çünki qələbə qazanmaq üçün qol vurmalıydıq".

Qeyd edək ki, "Liverpul" xeyli vaxtdır zədə səbəbindən iki müdafiəçinin - Vircil van Deyklə Co Qomesin xidmətindən yararlana bilmir.