ABŞ Senatı istefada olan general Lloyd Ostinin müdafiə naziri postuna Prezident Cozef Bayden tərəfindən irəli sürülən namizədliyini təsdiqləyib.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, bundan əvvəl onun namizədliyini Senatın profil komitəsi dəstəkləyib. Ostin 2016-cı ildə istefaya gedib. O, generalın dördulduzlu ranqına malikdir.

Ostin Pentaqona rəhbərlik edən ilk Afrika mənşəli amerikalı olacaq. O, Almaniyada və ABŞ-ın bir çox nöqtələrində xidmət edib, qərargah rəislərinin birləşmiş komitəsində işləyib. 2010-cu ildə Birləşmiş Ştatların İraqdakı qüvvələrinin komandanı olub.

2013-2016-cı illərdə ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığına rəhbərlik edən Lloyd Ostin bu vəzifədə ölkəsinin İŞİD terror qruplaşmasına qarşı mübarizə strategiyasının hazırlanmasında mühüm rol oynayıb.