"Valyuta bazarında çaxnaşma yaratmaq istəyən maraqlı qüvvələr var".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov söyləyib.

Millət vəkili qeyd edib ki, yanacağın qiymətinin artmasından sonra bazarda qiymət artımı labüd idi: "Əgər yanacağın qiyməti artıbsa, bütün məhsulların qiymətində bu artımın təsiri hiss olunur. Ona görə də bu qiymətlərin artması gözlənilən idi. Amma burada iki məsələ var. Subyektiv qiymət artımı və obyektiv qiymət artımı. Bizdə bəzən məhsulların qiymətinə benzinin qiymətinin təsir edib-etmədiyi və ya xaricdən idxal olunduğu nəzərə alınmadan qiymətləri artırırlar. Əgər məhsulun qiymətinə yanacaq qiymətləri təsir etmirsə, onda qiymətlər stabil qalmalıdır. Amma məsələn, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətində obyektiv artım ola bilər. Hər dəfə belə olanda İqtisadiyyat Nazirliyinin antiinhisar siyasətlə bağlı müvafiq qurumu müəyyən tədbirlər görməlidir. Ciddi məşğul olmaq, monitorinqlər aparmaq lazımdır. Monitorinqin nəticələri elan olunmalıdır, subyektiv qiymət artımlarının qarşısı alınmalıdır. Xəbərdarlıq və ya cərimələr olmalıdır. Yəni bunun müəyyən yolları var. Amma yenə deyirəm ki, yanacağın qiyməti artıbsa, müəyyən qiymətlərdə artım olması təbiidir".

Vahid Əhmədov valyuta bazarındakı narahatlıqlara da toxunub: "Valyuta bazarında da müəyyən çaxnaşmalar yaratmaq istəyən maraqlı qüvvələr var. “Co Baydenin prezident seçilməsindən sonra manat ucuzlaşmalıdır” və sair deyənlər var. Bunun heç bir iqtisadi əsası yoxdur. Birincisi, Azərbaycanın valyutasını formalaşdıran əsas neftdir. Neftin qiyməti dünya bazarında 55 dollardan yuxarıdır. Kifayət qədər ehtiyatlarımız var. Buna görə də düşünmürəm ki, Mərkəzi Bank, dövlət başçısı buna razılıq versin. Dollar 1.7 manat səviyyəsində saxlanılır. Bu gün qələbə əzmi var. Cənab prezident işğaldan azad olunmuş ərazilərin bərpa olunması üçün vəsait ayırıb. Şəhid ailələri və qazilərə müavinətlər, evlərin tikilməsi və sair ciddi işlər görülür. Əgər manatın ucuzlaşması baş versə, bu işlərin iqtisadi təsiri dəyərdən düşmüş olar. İkincisi, Co Bayden hələ çıxışında xarici, iqtisadi siyasət məsələlərinə toxunmayıb, yalnız daxili siyasət barədə danışıb. Buna görə də düşünürəm ki, manat təbii səviyyəsində qorunub saxlanılmalıdır".

Coşqun Əli