Ölkəmizdə istismarda olan ümumölkə və regional radio yayımçılarına və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə mənsub olan bütün FM radiovericilərinin siyahısı çıxarılıb və onlardan çıxışında harmonika süzgəci olmayan vericilər aşkar olunub.

Unikal.org xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, interferensiyaların azaldılması üçün harmonika süzgəcinin vacibliyi, onların radiovericinin gücündən asılı olaraq nominal qiymətləri və ümumi dəyəri radio yayımçıları ilə müzakirə olunub, süzgəclərin tətbiqi üçün əməli təkliflər verilib.

Bildirilib ki, FM radioyayımında interferensiyaların azaldılması üçün bəzi radio-televiziya yayım stansiyalarından tezliklər dəyişdirilib. Həmçinin maneələr səbəbindən Daşkəsən Radio-Televiziya Yayım Stansiyasından “Media FM”, Poylu Radio-Televiziya Yayım Stansiyasından “Radio Antenn” radio yayım proqramlarının tezlikləri dəyişdirilib.