Milli Məclisdə 2021-ci il üçün dövlət büdcə layihəsinin müzakirələri davam edir.

Unikal.og xəbər verir ki, müzakirələr zamanı deputatların səsləndirdikləri fikirlərə münasibət bildirən İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsini sədri Tahir Mirkişili işğaldan azad olunan ərazilərdə aparılacaq bərpa işlərinin maliyyələşməsinə yerli və xarici sahibkarların, beynəlxalq təşkilatların da cəlb edilməsi üçün ayrıca bir fondun yaradılmasının faydalı ola biləcəyini deyib:

“Biz də iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması üçün 2.2 milyard manat vəsaitin nəzərdə tutulmasını çox müsbət qiymətləndiririk. Növbəti illərdə də bu iqtiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub. İş adamları, xaricdə yaşayan sahibkarlar bizə, deputat həmkarlarıma müraciət edərək bu işlərə dəstək olmaq arzularını bildirməkdədirlər. Burda müzakirələrdə deyilən fikrləri də təhlil edərək düşünürük ki, bu məqsədlə ayrıca bir Fondun yaradılması maliyyələşmə və nəzarət mexanizmlərini daha da təkmilləşdirərdi. Fondun vəsatinin yalnız büdcə hesabına deyil, həm də sahibkarların dəstəyi və beynəlxalr təşkilatlardan ola biləcək qrantlar hesabına formalaşması aparılacaq işlərə mühüm dəstək ola bilər. Fikrimizcə xərclənən vəsaitlərin də bir mənbədən reallaşması prosedurları sadələşdirə və şəffavlığı daha da artıra bilər”.

Elvin Rüstəmov