“Barselona”nın əfsanəvi kapitanı Karles Puyol, Pelenin rekordunu qıraraq tarix yazan Lionel Messi haqqında təriflər yağdırıb.

Unikal.org  xəbər verir ki, Puyol argentinalı oyunçunun 644 qol vurmasını fövqəladə bir nailiyyət hesab edir.

"Məndən Maykl Cordanın kim olduğunu soruşsanız, sizə tarixin ən yaxşı basketbolçusu olduğunu söyləyəcəyəm. Fikrimcə, Messi də futbol tarixinin ən yaxşı oyunçusudur. “Real Madrid” azarkeşləri bu fikirlə razı olmaya bilər, amma statistikası və etdikləri ortada. Onu izləmək şansımız olduğuna görə çox şanslıyıq" – deyən Puyol Messinin qazandığı uğurlarla Pele və Dieqo Maradonanı keçdiyini də bilidirib:

"Gələcəkdə Messidən daha yaxşı bir oyunçu olacağını ümid edirəm. Ancaq bunu az bir ehtimal kimi görürəm. Uzun illər Messi səviyyəsində oynamaq asan deyil".

Birlikdə oynadıqları vaxtdan zövq aldıqlarını vurğulayan İspan əfsanə, "Ən sevdiyim komandanın forması altında onunla oynamaq şansı qazandığım üçün fəxr edirəm. Karyeramın ilk beş ilində heç bir şey qazana bilmədim. Ancaq daha sonra böyük bir nəsil tutduq və bir ildə altı kubok qazana bildik. Düşünürəm ki, Messi lider idi. “Barcelona” istənilən kuboku qazana bilər" deyib.

Keçmiş komanda yoldaşının milli komandada uğurlu olmağa çalışdığını bildirən Puyol, "Argentinalı deyiləm, amma milli forma ilə uğurlu olmasını istəyirəm. Buna layiqdir və buna nail olmaq üçün çox çalışır" deyə fikirlərini sona çatdırıb.

Xatırladaq ki, “Barselona”nın argentinalı ulduzu Lionel Messi son matçda 644-cü qolunu vuraraq braziliyalı əfsanə Peleyə məxsus “bir klubla ən çox qol vuran oyunçu” rekordunu qırıb.