Gələn ilin aprel ayından 7 şəhər və rayonda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları) icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.

Unikal.org xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Qeyd olunub ki, 2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1044,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 60,9 milyon manat və ya 6,2 faiz çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda (Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları) tibbi sığorta tətbiq ediləcək.