İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabatda keçirilən İslam İrsi Siyahısı Komitəsinin 3-cü növbədənkənar iclasında Azərbaycanın Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılmış mədəni irs və qədim abidələrin dəqiqləşdirilməsi və müvafiq siyahıya əlavə edilməsi məsələsi müzakirə edilib.

Unikal.org xəbər verir ki, Komitə tərəfindən bu fəaliyyətin həyata keçirilməsi məqsədilə xüsusi komissiya yaradılması qərara alınıb. Komissiya Azərbaycanın uyğun dövlət strukturları ilə birlikdə ermənilərin dağıtdığı ərazilərdə qədim İslam irsi abidələrinin bərpası məsələsi ilə bağlı da hesabat hazırlayacaq.

İclasda Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Fələstin, Yəmən, Mərakeş, İraq, İordaniya, Küveyt və Omanda yerləşən daha 66 qədim irs nümunəsi İslam Dünyası İrsi Siyahısına daxil edilib.

Bundan başqa, hər il İslam Dünyası Mədəni İrsi aylığının keçirilməsi, ICESCO-nun “Gələcəyə yol” Proqramının təsdiqi barədə də qərarlar qəbul edilib.