Fransa prezidenti Emmanuel Makron ermənilərin başlatdığı və Müzəffər Ordumuzun qələbəsi ilə yekunlaşan Vətən Müharibəsinin ilk günlərindən öz qərəzli bəyanatları ilə niyyətini ortaya qoymuş oldu. Bu adamın siyasi dünya görüşü demək olar ki, sıfıra bərabərdir. Belə ki, gah Türkiyəyə qarşı sərsəm bəyanatlar səsləndirir, gah Azərbaycanı hədəf alır. Ümumən müsəlmanları aşağılayan bəyanatlar verir. Özlüyündə erməni lobbisinin dəstəyini qazanmaq, qarşıdan gələn seçkilərdə yenidən şansını dəyərləndirməyi düşünən Makron bundan sonrakı taleyini sual altına alır. Bir ölkənin lideri hər nüansa fikir verməli, xalqın, millətin maraqlarını öz şəxsi maraqlarından üstün tutmalıdır. Görünən odur ki, Makron yenidən prezident olmaq sevdasına düşüb. O üzdən belə qərəzli bəyanatlar verir. Ona deyən lazımdır ki, Fransanın əzəli və əbədi torpaqları düşmən tərəfindən işğal olunsaydı, fransız xalqı öz ölkəsində qaçqın kimi yaşasaydı buna dözə bilərdinizmi? Tarix boyu Fransa müharibələrdə öz şəxsi maraqlarını güdüblər”.

Bu sözləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.
Deputat  bildirib ki, Fransa Senatında  “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin hüquqi qüvvəsi yoxdur: “Bunu biz yox Fransa Xarici İşlər Nazirliyi deyir. Artıq qəbul olunan belə qətnamələrin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev cəbhə ilə yanaşı diplomatiyada da ciddi uğur qazandı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Biz Ağdamın, Kəlbəcərin, Şuşanın işğaldan azad olunmasını qeyd edirik. Diplomatiyamız isə hələ bundan sonra öz sözünü deyəcək.  Paşinyan başda olmaqla Makron və digər ermənipərəstlər beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar”.
Ağalar Vəliyev qeyd edib ki,  Vətən müharibəsi zamanı Prezidentin rəhbərliyi ilə ermənilərə lazım olan dərs verildi:  “Qələbə sevinci ilə bağlı onu deyə bilərəm ki, bu sevinci əvəz edəcək heç nə yoxdur. Şuşanın, Zəngilanın, Qubadlının, Ağdamın, Kəlbəcərin ümumən işğal altında olan topraqlarımızın xoş müjdəsini verən Ali Baş Komandan bizə qürurumuzu qaytardı. Bu yeni bir tarixdir. Elə bir tarixdir ki, qızıl hərflərlə yazılır. Bu tarixi yazan sərkərdə isə İlham Əliyevdir. Allah onu və əsgərlərimizi qorusun”.
Elvin Rüstəmov