“İctimai Palatanın aqibəti əvvəlcədən bəlli idi”
“İctimai Palatanın aqibəti əvvəlcədən bəlli idi”

Əli Əliyev: “Müxalifətin daha geniş formatda əməkdaşlığına ehtiyac var”

Son günlər regionda və ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı suallarımızı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.

-Əli bəy, Gürcüstanın baş naziri İvanişvilinin Azərbaycana rəsmi səfərinin yekunlarını necə dəyərləndirirsiniz?
-İvanişvilinin Bakıya rəsmi səfəri barədə ictimaiyyətə açıqlanan məlumatlar qənaətbəxşdir. Hiss olunur ki, o, Saakaşvilidən fərqli siyasi kurs yürütməyə cəhd edir. İvanişvili Bakıya gələnə qədər bir sıra məsələlərə tam fərqli münasibət ifadə edib. Bu daha çox Rusiyanın bölgədəki siyasi dayaqlarının möhkəmləndirilməsi baxımından proqnozlaşdırıla bilməyən bir siyasi kursdur. Və Bakı-Axalkalaki-Qars dəmiryolu xətti ilə bağlı İvanişvilinin əvvəllər səsləndirdiyi fikirlər, son dövrlər Rusiyanın Gürcüstanın şərab məhsullarına uzun müddətdir qoyulmuş embarqonun aradan qaldırılması, 2014-cü ildə Gürcüstanda keçiriləcək olimpiada ilə bağlı Saakaşvilidən fərqli mövqe nümayiş etdirən İvanişvilinin yaxın gələcəkdə hansı siyasi kursu müəyyən etmək çox çətindir. Təbii ki, Bakı görüşlərində ictimaiyyətə açıqlanan mövqe bir məsələdir, lakin dövlət başçılarının görüşlərdə səsləndirdiyi fikirlər tamam başqa bir məsələdir. Nəzərə almaq lazımdır ki, Gürcüstan uzun müddətdir geopolitik baxımdan Azərbaycandan fərqli siyasət yürüdür və həm də vaxtilə Şevardnadze, sonralar Saakaşvili məsələlərə fərqli mövqe ifadə edərək həmişə Azərbaycandan güzəştlər əldə edirdilər. Ona görə də İvanişvilinin Bakıya gələnə qədər tutduğu mövqe, verdiyi bəyanatlar Azərbaycandan güzəştlər əldə etmək mövqeyindən fərqlənib. Hələlik onun Bakıda keçirdiyi görüşlərin nəticələri barədə fikir yürütmək çətindir. Görüşdən sonra verilən açıqlamalar pərdəarxasında aparılan danışıqların məğzini açıqlamır və nələrin necə həll ediləcəyi barədə fikir yürütməyə əsas vermir. Saakaşvilinin də prezidentlik müddəti başa çatır və gözləməliyik ki, İvanişvili bundan sonra hansı dəsti-xətti sərgiləyəcək. Çünki Gürcüstan Cənubi Qafqazın digər iki respublikasından seçilən bir siyasət ortalığa qoyur. Gürcüstan NATO-ya, Avropa Birliyinə, Qərb institutlarına yönəlik xarici siyasət gerçəkləşdirməklə məşğuldur. Yəni Gürcüstanın siyasi xətti məlumdur. Bu baxımdan İvanişvilinin addımlarından tuta bilərik ki, həmin kurs davam etdiriləcək, yoxsa tamamilə başqa bir kurs seçilir. Azərbaycan üçün isə Gürcüstan olduqca əhəmiyyətli bir ölkədir. Bizim dünyaya bağlantımız Gürcüstan vasitəsilədir. Sözügedən dəmiryol xətti ilə Azərbaycanın Avropaya çıxışı təmin ediləcək. Azərbaycan məhsullarının Avropaya çıxardılması üçün Gürcüstan çox vacib bir pəncərədir. Hal-hazırda Azərbaycanın dövlət büdcəsinin vacib hissəsini təşkil edən neftin ixracatında Bakı-Tiflis-Ceyhan boru xətti də əhəmiyyətli rol oynayır. Buna görə də Gürcüstan Azərbaycan üçün strateji baxımdan vacib dövlətdir. Bunu da nəzərə almalıyıq ki, 500 minə yaxın soydaşımız Gürcüstan vətəndaşıdır. Ona görə də bu dövlətin tutacağı siyasi kurs və siyasi gələcəyi bizim üçün əhəmiyyətlidir.
-Azərbaycan müxalifətinin əsas ağırlıq mərkəzlərindən hesab edilən İctimai Palatanın taleyi şübhə altındadır. Bu qurumun iki əsas sütunu – AXCP və Müsavat Partiyasının münasibətləri prezidentliyə vahid namizəd məsələsinə görə kəskin şəkildə dəyişib. Sizcə, İP bundan sonra varlığını qoruyub saxlaya biləcəkmi? Qalmasa, onun boşluğunu necə doldurmaq olar?
-Müqəddəs yer boş qalmır. İctimai Palatanın gələcəyi və yaxud aqibəti əvvəlcədən bəlli idi. Onun içində bu gün baş verən proseslərin proqnozunu iki il əvvəl vermişdim. Və təsadüfi deyil ki, heç vaxt nə İctimai Palataya üzv olmaqla bağlı müraciətimiz olub, nə də bizə eşitdirilən dəvətlərdən ora gəlişimiz təmin olunub. Bu qurumda mənəvi çat artıq mövcuddur və bu bərpa edilə bilinməyəcək çatdır. Bu çat həmişə olub. Hələ 92-93-cü illər iqtidarından üzübəri bu iki komanda arasında həmişə fikir ayrılığı olub. Mən bu dəqiqə bu yöndə açıqlama vermək niyyətində deyiləm. Şərh də etmək istəmirəm. Çünki mən daha çox Azərbaycan müxalifətinin geniş çapda inteqrasiyasının tərəfdarıyam və çalışıram ki, bütün davranışımla müxalifətin geniş şəkildə birliyinə nail ola bilək. Beləliklə də, ölkədə yeni siyasi mühit formalaşa bilsin. Prezident seçkiləri ərəfəsində bunu etmək çox vacibdir. Çünki bizim resurslarımız məhduddur. Resurslarımız yalnız narazı elektoral bazadır. Bu narazı elektoratı ətrafımıza toplamaq üçün müxalifətin vahid ünvanını yaratmaq lazımdır. Belə olan halda heç bir siyasi liderin adı ilə bağlı ünvan ola bilməz. Bu, müxalifətin vahid ünvanı olacaq ki, cəmiyyət müxalifətə hələlik bəsləmədiyi etimadı həmin ünvana qaytara bilsin. Buna nail ola bilsək, hakimiyyətin əlində olan külli miqdarda maliyyə, insani və beynəlxalq resursları kompensasiya edə bilərik. Belə olan halda bizim siyasi uğurumuz əldə edilə bilər. Əks halda Azərbaycan hakimiyyəti 2013-cü ildə mövcud seçki strukturları və mövcud siyasi şərait fonunda prezident seçkilərini asanlıqla udacaq. Ona görə də mən müxalifətin daxilində baş verən proseslərə şərh vermək istəmirəm. Təbii ki, müxalifətin daxilində baş verən neqativ proseslər gözlənilən proseslər idi və necə olmasından asılı olmayaraq son iki il ərzində şahid olmuşuq ki, İctimai Palata ölkədəki siyasi situasiyanı dəyişmək gücündə deyil və buna gücü çatmayıb.Ona görə də, ən azı, bu səbəbdən müxalifətin daha geniş formatda əməkdaşlığına ehtiyac var. Artıq İctimai Palatanın daxilindəki partiyalardan biri bu mövqeyi açıq şəkildə ifadə eləyib.
-Bəs başçılıq etdiyiniz partiyanın təmsil olunduğu siyasi birliyin planları necədir?
-Biz üç partiyanın təmsil olunduğu siyasi blok yaratmaq iddiasındayıq və bu istiqamətdə hazırlıq işləri yekunlaşmaqdadır. Üzümüzə gələn Yeni il bayramından sonra bunu konkret addımlarla təsdiqləyəcəyik. Və əgər müxalifət ümumilikdə siyasi situasiyanı dəyişə bilməsə, biz onda seçkiöncəsi yaranmış şəraitdə blokun maraqlarını ehtiva edən qərarlar qəbul edib müvafiq addımlar atacağıq. Çalışacağıq ki, qəbul etdiyimiz qərarlar, atdığımız addımlar Azərbaycan xalqının mənafeyinə uyğun olsun.
-Sirr deyilsə, yaradacağınız birlikdə hansı partiyalar təmsil olunacaq?
-Millət vəkili İlyas İsmayılovun başçılıq etdiyi Ədalət Partiyası, Azərbaycan Yaşıllar Partiyası və bizim partiya.
-Əvvəllər Azərbaycan Liberal-Demokrat Partiyası ilə əməkdaşlığınız sıx olurdu. Yollarınız ayrılıbmı?
-Onlarla münasibətlərimiz qalır. 2010-cu ilin parlament seçkilərindən sonra bizim heç bir siyasi təsisatımız olmayıb. Biz onlarla birlikdə parlament seçkilərində iştirak etmişdik. 2005-2010-cu illərdə onlarla müttəfiqlik etmişik. Biz liberallarla insani münasibətləri qorumaq niyyətindəyik. Ancaq həmin partiya hazırda artıq başqa bir siyasi qurumda təmsil olunur. Həmin qurum siyasi partiyaların Məşvərət Məclisidir. Onlar bu qərarı qəbul edəndən sonra biz də öz siyasi təsisatımızı müəyyənləşdirmək qərarı vermişik.
-Azərbaycan müxalifətinin ümumi spektri göz qabağındadır. Bu müxalifətin potensialı, liderləri və resursları 2013-cü ildə ciddi bir qüvvə təşkil etməyə imkan verirmi?
-Güc partiyalarda olmur, güc cəmiyyətdə olur. Siyasi partiyalar yalnız təşkilatçılıqla məşğul ola bilər. Əsas müqavimət qaynağı cəmiyyətin özüdür, siyasi qurumların gücü buradan qaynaqlanır. Və əgər biz bu gücdən bəhrələnə bilməsək, ayrı-ayrılıqda partiyaların heç biri bir nəticəyə nail ola bilməyəcək. Çünki iqtidar müəyyən üsullarla bir çox parametrlərdə müxalifəti üstələyib. Biz maliyyə məkanından məhrum olmuşuq. Elektron informasiya məkanından sıxışdırılıb çıxardılmışıq. Buna görə də cəmiyyətlə asan və birbaşa kommunikasiya imkanlarımız mövcud deyil. Artıq iyirmi ilə yaxındır ki, dövlət idarəçiliyindən də kənarlaşdırılmışıq. Bunun da nəticəsində, təbii ki, dövlət idarəçiliyində böyük təcrübəyə malik olan kadrlarımız da azdır. Bütün bu sadaladıqlarım Azərbaycan müxalifətinin hakimiyyət qarşısında zəif tərəfləridir. Beynəlxalq dairələr də bir çox amilləri nəzərə alaraq bu hakimiyyətlə əməkdaşlığı davam etdirirlər. Nə qədər ki Azərbayan qlobal siyasi bölgü məkanına çevrilməyib proseslər bu cür də davam edəcək. Ona görə də müxalifət düzgün addımlar atmalı, düzgün qərarlar qəbul edib təşkilatlanmalıdır. Müxalifət öz elektoratının potensial enerjisini genetik enerjiyə çevirə bilməsə, onun hər hansı bir şansı olmayacaq.
-Müxalifətin üç lideri ayrı-ayrılıqda – Rəsul Quliyev, Əli Kərimli və İsa Qəmbər özlərini Azərbaycan müxalifətinin alternativsiz lideri hesab edir və cəmiyyətdədə belə bir imic yaratmğa can atırlar. Bu üçünün potensialını və imkanlarını tutuşduranda hansına üstünlük vermək mümkündür?
-Heç birinə... Və bu siyasi xətt müxalifətin daxilində davam etdirilsə, nə sadaladığınız adamlar, nə onların partiyaları, nə də digər liderlər heç nəyə nail ola bilməyəcəklər. Proseslər göstərir ki, ayrı-ayrı fərdlər heç nəyi dəyişdirməyə iqtidarlı deyillər. Məsələnin başqa bir tərəfini də deyim. Ölkədə seçkilərarası dövrdə obyektiv göstərici yalnız sosioloji sorğular ola bilər. Bizdə isə belə mexanizmlər yoxdur. Son dövrlər keçirilən elektron sorğularda mən qalib gəlmişəm. Amma bu o demək deyil ki, mən ölkədəki situasiyanı dəyişmək gücündəyəm. Fərdlər və liderlər bir iş görə bilməz, kollektiv iradə yaratmaq lazımdır.

Söhbətləşdi: Savalan