"Prezident İlham Əliyev Ağdama səfəri zamanı yenidən  Azərbaycan bayrağını ucaldıb, mühüm siyasi mesajlar verdi".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə səsləndirib.

Deputat qeyd edib ki, erməni vandalları Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Ağdamı demək olar tam məhv etməsi bu səfər zamanı bir daha nümayiş olundu: "Ağdam bölgəsində ermənilərin çox sayda müdafiə qurğuları inşa olunmuşdu. Buna baxmayaraq Azərbaycan Ordusu Ağdamı bircə güllə atmadan azad elədi. Bu, hərbi qələbənin diplomatik masada əksini tapması ilə baş verdi. Prezidentin Azərbaycanın milli-mənəvi dəyərlərinə hörməti çox təsiredici formada ifadə olundu. Onun ermənilər tərəfindən dağıdılmış Ağdam məscidində dua etməsi, Məkkədən gətirdiyi Qurani-Kərimi bu məscidə bağışlaması və prezidentin "biz hər şeyi yenidən bərpa edəcəyik" mesajı olduqca önəmli idi. Xaqlımız Ağdamı yenidən cənnətə çevirməyə qadirdir və dövlət bunun üçün bütün işləri görəcək. Qarabağ bütünlüklə bərpa olunmalı, məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır".

Coşqun Əli