2020-ci il 20-23 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 83 (səksən üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 8 (səkkiz) müraciət daxil olub.

ANAMA-dan Unikal.org-a bildirilib ki, daxil olmuş 91 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 58 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 16 ədəd partlamamış hərbi sursat (PHS), 27 ədəd tank əleyhinə mina, 2 ədəd tank əleyhinə minanın partladıcısı, 1 ədəd piyada əleyhinə mina, 2 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 119 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Agentliyin partlayış qrupu tərəfindən 31 ədəd mina və partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 72 355 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.