Məişət həyatımıza daha sağlam yanaşma, sellofan adlandırdığımız qablaşdırıcı vasitələrdən və birdəfəlik plastik qablardan imtinadan keçir.

Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sellofan torbalardan və birdəfəlik plastik qablardan imtinanın zəruriliyi barədə danışarkən bildirib:

"Bu fikrin gündəmə gətirilməsi artıq bir çağırış, bir təşviqdən daha çox reallıqdan irəli gəlir, yəqin ki, bu gün hamımız bunu qəbul edirik və etməliyik də.

Sellofan və plastiklərin həyatımıza, təbiətimizə nə qədər zərərli olması barədə artıq bir neçə ildir ki, təbliğat aparılır və ona görə də bunun fəsadları hamımıza bəllidir".

"Tullantı yerlərində, çay və göl kənarlarında, təbiətdə sellofanların havada uçmasından, xoşagəlməz mənzərə yaratmasından hamımız şikayətlənirik, amma bunların bizim evimizdən, gündəlik məişətimizdən gəldiyinin bəzən fərqinə varmırıq. Yəqin, ona görə ki, məişət tələbatımızı ödəmək üçün üz tutduğumuz mağazaların hamısı bizə alacaqlarımızı plastik və sellofanlarda təklif edir, pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə, oradan da təbiətə daşıyırıq.

Odur ki, əvvəl özümüzü, evdəkiləri düşünək sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan sellofan torbalardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa başlayaq.

Biz qadınlar bunu başlatsaq, davamı gələcək. Cəmiyyəti bu yöndə arxamızca aparacığımıza əminəm. Mağazalardan evə sellofan və plastik gətirməsəkmi, bu vərdişi tərgitsəkmi daha...", - İ.İbrahimova deyib.