“Erməni təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik”.

Unikal.org xəbər verir ki, bunu diplomatik nümayəndələrin Gəncəyə səfərinə həsr olunan brifinqdə Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bütün bu göstərişlər - Gəncənin bombalanması və digər dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib: “Onların məsuliyyətə cəlb olunmaları üçün bütün prosedur qaydalara uyğun olaraq - həm daxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun sübutlar toplanır. Bunlar barədə müxtəlif vasitələrdən istifadə etməklə həm BMT-nin müvafiq tribunalının yaradılması ilə bağlı, eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi ilə bağlı iddialar qaldırılacaq”.