Türkiyə Azərbaycanla qardaş, strateji müttəfiq ölkə olmaqla yanaşı, regionda müxtəlif iqtisadi layihələrin bilavasitə iştirakçısıdır. Türkiyə və Azərbaycan regionda əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan ölkələrdir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.

Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq Azərbaycanın neft strategiyasının həyata keçirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir. Bu baxımdan, təbii ki, Türkiyənin regionda fəallığı beynəlxalq münasibətlər baxımından başadüşülən olmalıdır.

Ermənistan yaxud digər dövlətlərin bu məsələdə tərəddüd etmlərinə lüzum yoxdur.  Ali Baş Komandan, cənab Prezident İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında verdiyi müsahibədə bildirmişdir: “Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə bizə mənəvi dəstək göstərir. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.”
 
Milli Məcisin Səhiyyə komitəsinin sədri,

akademik Əhliman Əmiraslanov